Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Babək rayonunda ucaldılmış abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri qoyulmuş, daha sonra Babək Rayon Mədəniyyət Sarayında təntənəli yığıncaq keçirilmişdir.
Keçirilən tədbirdə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışının sonunda qeyd etmişdir ki, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov, Psixologiya elmləri üzrə fəlsəfə doktoru Çapay Quliyev, Cəhri qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Natiq Məmmədov çıxış etmişlər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmış, hakimiyyətdə olduğu dövürlərdə Azərbaycanın inkişafı üçün etdiyi xidmətlərdən söhbət açılmışdır.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.