Rayon haqqında 

Babək rayonu  - 23 oktyabr 1978-ci ildə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 77,3 min nəfərdir (01.01.2023-cü il).

Mərkəzi Babək şəhəridir. Rayonda  1 şəhər, 2 qəsəbə, 33 kənd vardır.

Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.

Rayon mineral sularla zəngindir.  Sirab mineral su bulağı bütün dünyada məşhurdur. Ərazisindən Araz, Naxçıvançay və s. çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları  vardır. Əsasən kənd təsərrüfatı rayonudur.  

Rayonda 36 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 35 kitabxana (Mərkəzləşmiş Kitabxana Sistemi 1, Uşaq kitabxanası 1), 1 mədəniyyət sarayı, 13 mədəniyyət evi, 17 klub müəssisəsi, 1 xalq teatrı, 2 muzey, 5 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi, 2 qəsəbə sahə xəstəxanası publik hüquqi şəxsi, 13 həkim ambulatoriyası, 18 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar fəaliyyət göstərir.

Rayonda Babək Rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti nəşr olunur. Babək rayonu ərazisindən keçən avtomobil yolları respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Respublika əhəmiyyətli yollar 42 km, yerli əhəmiyyətli yollar isə 166 km-dir. 

Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir.

Babək rayonunun ərazisi daş, duz, tikinti materialları və minerallar ilə zəngindir. Mineral bulaqlardan Sirab, Vayxır, Cəhri və başqalarına bu bölgədə rast gəlinir.

Rayonda fauna və flora aləmi də zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır.

Tarixi və memarlıq abidələri - Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Bununla yanaşı rayonda Çalxanqala arxeoloji abidəsi, Abbasabad qalası mövcud olmuşdur və Nehrəm İmamzadəsi mədəniyyət abidəsi vardır.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.

Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Babək şəhərində, Nehrəm, Cəhri qəsəbələrində, Şıxmahmud, Qahab, Zeynəddin və Sirab kəndlərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, "Şəhidlərin abidə kompleksi", “İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaldılmış,   Nehrəm qəsəbəsində "Şəhidlər abidə kompleksi" ucaldılmış,  Zeynəddin kəndində “Şəhidlər” xatirə kompleksi ucaldılmış, Kültəpə kənd tam orta məktəbinin həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulmuş və Nehrəm qəsəbəsində Heydər Parkı salınmışdır.

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.