
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsasını, demokratik inkişafımızın və insan hüquq və azadlıqlarının təminatının başlıca təminatını təşkil edir. Əsas Qanunumuz dövlətin idarəçilik sistemini, hakimiyyət qollarının fəaliyyət prinsiplərini, cəmiyyətin və dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirir.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmışdır. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyada təsbit olunmuş dövlətçilik prinsipləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu prinsiplərin ardıcıl tətbiqinin göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyanın ölkənin bütün ərazisində hüquqi qüvvəsinin təmin edilməsinə şərait yaratmışdır. Bu tarixi nailiyyət müstəqil dövlətçiliyimizin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də Əsas Qanunumuzun qəbul edilməsinin 30-cu ildönümü və dövlət suverenliyimizin tam bərpası baxımından xüsusi əhəmiyyət daşımışdır.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlət quruculuğunun və vətəndaş hüquqlarının etibarlı təminatıdır.
#KonstitusiyaGünü #12Noyabr #Azərbaycan #Dövlətçilik #ConstitutionDay #Azerbaijan #RuleOfLaw #Sovereignty