
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
Qarabağın qədim və zəngin tarixə malik şəhərlərindən olan Ağdam əsrlər boyu özünəməxsus mədəniyyəti, milli-mənəvi dəyərləri, tarixi abidələri və iqtisadi potensialı ilə seçilib. Aparılan arxeoloji tədqiqatlar zamanı Üzərriktəpədə aşkar edilmiş maddi-mədəniyyət nümunələri bu ərazinin qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. 1930-cu ildə rayon kimi yaradılan Ağdam uzun illər Qarabağın mühüm iqtisadi, kənd təsərrüfatı və mədəniyyət mərkəzlərindən biri olub.
Lakin 1993-cü il iyulun 23-də Ağdamın böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun tarixində ağır iz buraxıb. İşğal nəticəsində 882 kvadratkilometr ərazi, rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçib, 128 min sakin doğma yurd-yuvasından didərgin düşüb. Şəhərin tarixi və dini abidələri, təhsil və mədəniyyət müəssisələri dağıdılıb, Ağdam uzun illər erməni vandalizminin acı nəticələrinin simvoluna çevrilib.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Ağdamın taleyində dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 20-də rayonun işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Bununla da Ağdamın yenidən qurulması, tarixi simasının bərpası və sakinlərinin doğma torpaqlarına qayıdışı istiqamətində yeni mərhələyə başlanıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plana uyğun olaraq yeni yaşayış məhəllələri, inzibati binalar, sosial obyektlər, yollar və müasir infrastruktur yaradılır. Ağdamın gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı müasir şəhərə çevrilməsi nəzərdə tutulur.
Rayonun iqtisadi inkişafında Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Burada müxtəlif istehsal müəssisələri fəaliyyət göstərir, yeni iş yerləri yaradılır və sahibkarlıq fəaliyyəti genişlənir. Eyni zamanda, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, təhsil və digər sosial obyektlərin istifadəyə verilməsi şəhərin yeni inkişaf mənzərəsini formalaşdırır. Turizm infrastrukturunun qurulması da Ağdamın gələcək potensialının reallaşdırılmasına xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Ağdam şəhəri ilə yanaşı, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində də sakinlərin məskunlaşması təmin olunub. 2026-cı ilin noyabr ayına olan məlumata görə, həmin yaşayış məntəqələrində ümumilikdə 2146 ailə, 8300 nəfər yaşayır. Bu, Ağdamın yalnız fiziki baxımdan deyil, həm də sosial həyat baxımından dirçəldiyini göstərir.
Bu gün Ağdam keçmişin ağrılarını unutmadan gələcəyə inamla addımlayan, dağıntılar üzərində yenidən qurulan bir şəhərdir. Burada həyata keçirilən layihələr, yaradılan infrastruktur və doğma yurda qayıdan ailələrin məskunlaşması Azərbaycanın Zəfərdən sonra quruculuq əzmini nümayiş etdirir.
20 Noyabr – Ağdam Şəhəri Günü mübarək!