
1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri baş verib. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfər təşəbbüs qrupunun iştirak etdiyi konfransda Ümummilli Lider Heydər Əliyev partiyanın sədri seçilib, onun Nizamnaməsi və Proqramı qəbul olunub.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqilliyinin ilk illərində mürəkkəb ictimai-siyasi proseslərin yaşandığı dövrə təsadüf edib. 1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfərlik qrup Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş edib. Ulu Öndər müraciətə cavabında belə bir partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirib.
Partiyanın sonrakı fəaliyyətində mühüm mərhələlərdən biri 2005-ci il martın 26-da keçirilən III qurultay olub. Həmin qurultayda İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilib. 2021-ci il martın 5-də keçirilən VII qurultayda isə partiyanın Nizamnaməsinə dəyişikliklər edilib, yeni idarəetmə strukturları formalaşdırılıb və Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin olunub.
Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultayında təşkilati məsələlərə dair qərarlar qəbul edilib, partiyanın İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibləri müəyyənləşdirilib. Qurultayda Prezident İlham Əliyev çıxış edərək partiyanın qarşıdakı dövr üçün əsas vəzifələrinə və strateji istiqamətlərinə toxunub.
Bu gün Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan siyasi tarixinin mühüm hadisələrindən biri kimi qeyd olunur. 21 Noyabr tarixi partiyanın yaranma tarixini və ölkənin ictimai-siyasi həyatında keçdiyi mərhələləri xatırladır.