11 İyun 2025, Çərşənbə

23 oktyabr tarixində Babək rayonunun yaranmasının 46-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.

   Əvvəlcə İcra Hakimiyyəti, rayonun idarə müəssisə və təşkilat rəhbərləri Ulu Öndər Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Mədəniyyət Sarayında davam etmişdir. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş nitqi ilə açan icra başçısı Ovni Muradov qeyd etdi ki, bu gün yaranmasının 46 illiyini qeyd etdiyimiz Babək rayonu Ulu Öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir.

   1978-ci il oktyabrın 23-də xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir. Rayona xalq qəhrəmanı Babəkin adının verilməsi milli yaddaşın, təfəkkürün bərpası, eləcə də tarixi keçmişimizə ulu öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin daha bir ifadəsi idi.

   Ötən müddət ərzində, xüsusilə son dövrdə böyük inkişaf yolu keçən, yüksək səviyyədə formalaşaraq ölkənin qabaqcıl rayonlarından birinə çevrilən Babək rayonu bu gün sürətlə inkişaf edir, özünün tərəqqi dövrünü yaşayır. Ovni Muradov çıxışında Babək rayonuna göstərilən yüksək dövlət qayğısına görə rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmişdir.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Həbibə Allahverdiyeva və təqaüddə olan müəllim Ənvər Hüseynovun çıxışları dinlənilmiş, rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər mükafatlandırılmış, Babək rayonu haqqında hazırlanmış videoçarxa baxış olmuşdur.

   Sonda tədbir bədii musiqili konsert proqramı ilə davam etmişdir.