
Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini, füsunkar təbiətini və əvəzsiz təbii sərvətlərini özündə birləşdirən diyardır. Qədim yaşayış məskənləri, qayaüstü təsvirləri, tarixi abidələri, sıx meşələri, dağ çayları və şəfalı mineral su mənbələri ilə seçilən bu torpaq xalqımızın milli-mədəni irsində xüsusi yer tutur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri dağıdılıb, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşüb. Uzun illər davam edən həsrət və nisgil 2020-ci ildə Azərbaycanın tarixi Zəfəri ilə sona çatdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcər yenidən öz sahibinə qovuşdu.
Kəlbəcərin azad olunması Azərbaycanın hərbi-siyasi gücünün, qətiyyətli mövqeyinin və milli birliyinin təntənəsi idi. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, bölgənin bərpası ilə bağlı verdiyi tapşırıqlar və həyata keçirilən layihələr Kəlbəcərin yenidən qurulmasına geniş imkanlar açdı.
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri aparılır. Şəhərin Baş planına uyğun olaraq yeni yaşayış məhəllələri salınır, məktəblər, sosial obyektlər və müasir infrastruktur inşa olunur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin istifadəyə verilməsi bölgənin iqtisadi potensialının inkişafına xidmət edir.
Kəlbəcərin məşhur “İstisu” mineral su mənbələrinin yenidən dirçəldilməsi, mineral su zavodunun fəaliyyətə başlaması və Müalicə-İstirahət Kompleksinin yaradılması rayonun turizm və sağlamlıq imkanlarının inkişafında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda şəhərdə və kəndlərdə yeni yaşayış məntəqələrinin salınması, ailələrin doğma torpaqlarına qayıdışı Böyük Qayıdışın ardıcıl şəkildə davam etdiyini göstərir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi günün dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir.
Kəlbəcər bu gün azadlığın, yenidənqurmanın, dirçəlişin və doğma yurda qayıdışın rəmzidir. Bir zamanlar həsrətlə xatırlanan bu torpaqda həyat yenidən canlanır, yeni evlər tikilir, yollar çəkilir və gələcək nəsillər üçün müasir yaşayış şəraiti yaradılır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün xalqımızı təbrik edir, doğma yurda qayıdan sakinlərə firavan həyat arzulayırıq!