8 Noyabr – Şuşa şəhəri günü: Tarixi Zəfərin və milli qürurumuzun təntənəsi

8 Noyabr Azərbaycan xalqının tarixində həm Şuşanın işğaldan azad edildiyi, həm də Zəfər Gününün qeyd olunduğu əlamətdar tarixdir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı xalqımızın çoxəsrlik tarixində qürurverici səhifəyə çevrilib.

Qarabağ Zəfərinə aparan yol Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasından başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsi, xalqımızın milli birliyi tarixi Qələbənin əldə olunmasında mühüm rol oynayıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 44-cü günündə – noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Qəhrəman hərbçilərimizin mürəkkəb relyef şəraitində göstərdiyi şücaət nəticəsində həyata keçirilən Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsinə çevrilib.

Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də şəhərdə Dövlət Bayrağımızı ucaldıb. 2021-ci il mayın 7-də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Sonrakı illərdə şəhər Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı, eləcə də 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statuslarına layiq görülüb.

Hazırda Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi-mədəni abidələr bərpa olunur, yeni yaşayış kompleksləri və sosial infrastruktur obyektləri istifadəyə verilir. Doğma yurda qayıdan sakinlərin məskunlaşması ilə şəhərin yeni inkişaf mərhələsi başlayıb.

Şuşanın azadlığı Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsidir. Bu tarixi Qələbə heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!