Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilmiş, Ulu Öndərin Babək rayonunun mərkəzi meydanında ucaldılmış abidəsinin önünə tər güllər düzülmüşdür. Sonra Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunmuş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının ölməz xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra tədbir Babək Rayon Mədəniyyət Sarayında davam etmişdir. Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov açaraq müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, rəşadətli ordumuzun, xalqın yenilməz iradəsinin və yekdilliyinin ifadəsi olan Zəfər zirvəsinə gedən yolun çox uzun və çətin olduğunu, keçirilən antiterror tədbirləri zamanı Azərbaycan hərbçilərinin həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdiyini diqqətə çatdırıb. Icra başçısı Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadan, dinc sakinləri hədəf almadan, mülki obyektlərə atəş açmadan, Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpa edildiyini diqqətə çatdırıb, tədbir iştirakçılarını Vətən müharibəsində əldə edilən şanlı Qələbənin dördüncü ildönümü münasibətilə təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edib şanlı zəfər yolundan danışıb. Qeyd olunub ki, bu şanlı zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir.
Sonra “Zəfər Günü” adlı filmə baxış olmuşdur. Daha sonra tədbirin bədii hissəsinə start verilmiş, Babək rayon Mədəniyyət İdarəsinin kollektivi vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə çıxış etmişdir.