8 Noyabr – Zəfər Günündə Azərbaycan–Türkiyə dostluğu və müttəfiqliyinin sarsılmazlığı bir daha nümayiş olundu

8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə Prezidentini Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Səfər çərçivəsində noyabrın 8-də Şuşa şəhərində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Daha sonra Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub.

Görüşdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlarda Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinin, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev Zəfər Günündə Türkiyə Prezidentinin Azərbaycanla birlikdə olmasının bütün xalqımız üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək səfərə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Prezidentlərin birgə bəyanatlarından sonra çəkilən bu səmimi görüntü isə əlamətdar günün yadda qalan anlarından biri olub. Dövlət başçılarının bir-birinin əlini qaldıraraq nümayiş etdirdikləri birlik və həmrəylik Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyəsini əks etdirir.

“Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan–Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Zəfər Günündə Şuşada baş tutan bu görüş iki ölkə arasında dostluğun, qarşılıqlı dəstəyin və strateji tərəfdaşlığın davamlılığını bir daha nümayiş etdirib.