
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və azadlıq məfkurəsini özündə əks etdirən əlamətdar gündür.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilib. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq ideyalarını ifadə edir.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qaldırılıb və Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edilib. Bu tarixi qərar milli dövlətçilik ənənələrinin bərpasında mühüm addım olub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan edib.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağımız müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin rəmzidir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşada, Xankəndidə dalğalanması xalqımızın qürurunu daha da artırıb.
Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”.
Dövlət Bayrağımıza hörmət hər bir vətəndaşın mənəvi borcu və dövlətçilik dəyərlərinə sədaqətinin ifadəsidir.
Bayrağımız daim yüksəklərdə dalğalansın!