"Ailə, məktəb və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 20 oktyabr tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Babək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Ailə, məktəb və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Asif Hacıyev açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Hər bir valideynin mütəmadi olaraq məktəblə sıx əlaqə qurmalı, şagirdin təlim-tərbiyəsi ilə maraqlanmalı, məktəbin idarə olunmasında iştirak etməli olduğunu qeyd edən Eltun Həziyev valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibətini, maraqlarını, müəllimləri haqqında da fikirləri ilə maraqlanmağın vacibliyini də vurğulayıb.

 

Tədbirdə çıxış edən  Babək Rayon Təhsil Şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Toğrul Kərimov qeyd edib ki, bu gün təhsilin ən müxtəlif pillələrində bir yeniləşmə, canlanma hiss olunmaqdadır. Ümumtəhsil  məktəblərimizdə valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək hər zaman diqqətdə saxlanılmalıdır.

 

         Sonda məktəb psixoloqları, uşaq birliyi sədrləri və valideyn komitəsi sədrlərinin diskussiya xarakterli fikir mübadiləsi olub, onları maraqlandıran suallar cavablandırılıb.