Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov növbəti səyyar qəbulunu Aşağı Buzqov kəndində keçirib. Görüşdə RİH aparatının məsul əməkdaşları, yerli idarə və təşkilat rəhbərləri də iştirak ediblər.
Sakinlərin səsləndirdiyi məsələlər dinlənilib, müraciətlərin yerində araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Görüş zamanı kəndin sosial və infrastruktur ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb, bəzi problemlərin həlli yolları müzakirə olunub.
Rayon rəhbəri çıxışında vurğulayıb ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar təkcə ümumi inkişafı deyil, vətəndaş məmnunluğunu da ön plana çıxarır. Bu baxımdan bölgələrdə səyyar qəbulların keçirilməsi, vətəndaşla birbaşa ünsiyyətin gücləndirilməsi vacib vasitədir.
Kənd sakinləri isə çıxışlarında göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin gündəlik həyatlarında hiss olunduğunu qeyd ediblər. Onlar ölkə rəhbərliyinə təşəkkürlərini çatdırıblar.