Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

 

Dövlətimizin başçısı müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat və logistika imkanları, mədəni-humanitar əlaqələr, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq barədə ətraflı danışıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətə əsaslanır. Son illərdə bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və yeni məzmun qazanıb.

Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb.

Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində əməkdaşlığın böyük perspektivlər vəd etdiyini vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı bildirilib.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığına da xüsusi diqqət çəkib. Bildirilib ki, hər iki ölkənin siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, eləcə də təhsil, elm, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Müsahibədə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son illərdə müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik inkişaf etdiyi də vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatının faktiki olaraq “C6” formatına çevrildiyi qeyd olunub.

Prezident İlham Əliyev müsahibənin sonunda qardaş Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə təbrik edib, Özbəkistan xalqına sülh, əmin-amanlıq, tərəqqi və yeni nailiyyətlər arzulayıb.