Azərbaycan və Ukrayna Prezidentləri Qəbələdə Mətbuata Bəyanatlarla Çıxış Ediblər

Aprelin 25-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycan və Ukrayna arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayaraq, son illərdə prezidentlər səviyyəsində keçirilən görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur və imzalanmış strateji tərəfdaşlıq sənədləri qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi təsdiqləyir. Hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığa xüsusi diqqət çəkərək, SOCAR-ın Ukraynada fəaliyyəti və yeni layihələrin bu istiqamətdə geniş perspektivlər yaratdığını bildirib.

Eyni zamanda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.Görüşdə hərbi-texniki, sənaye və birgə istehsal sahələrində əməkdaşlıq imkanlarının mövcudluğu da vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.