Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tərəfindən 2025-ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan ilk səyyar görüş rayonun Aşağı Uzunoba kənd sakinləri ilə baş tutub.
Görüşdə icra başçısı ilə yanaşı rayonun əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Ovni Muradov sakinləri salamlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib. O.Muradov bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra kənd sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.