Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının daha da gücləndirilməsi məqsədilə müasir tibbi avadanlıqlar təqdim olunub. Bu yenilik “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Xəstəxanaya təhvil verilən avadanlıqlar arasında:

• Tam rəqəmsal USM cihazı,
• Ürək fəaliyyətinin dəqiq monitorinqi üçün EKQ aparatı,
• Həyati vacib funksiyaların dəstəklənməsi üçün süni tənəffüs aparatı (İVL),
• Defibrilyator və çoxfunksiyalı defibrilyator,
• 10 ədəd xəstəbaşı monitoru,
• İBP funksiyalı monitor,
• İBP + CO₂ funksiyalı monitor yer alır.

Bu cihazların texniki göstəriciləri müasir tibb standartlarına tam uyğun olmaqla, Babək rayonunda diaqnostika və intensiv terapiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə imkan yaradacaq.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək yeni avadanlıqların bölgə əhalisinə göstərilən tibbi xidmət səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını vurğulayıblar.

Nazir Samiq Sadıxov həmçinin Dövlət Proqramı çərçivəsində səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin modernləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlər barədə geniş məlumat verib.

Tədbirin sonunda rayon sakinləri yaradılan şəraitə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.