Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. " Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, bağda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid naxçıvanlı Vətən oğullarının adına meyvə tingləri əkiləcək. Gələcəkdə Şəhidlər bağının meyvələri Vətənin keşikçiləri olan əsgərlərə göndəriləcək.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində güclənən ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq illərdir işğalda qalan torpaqlarımızı cəmi 44 gündə işğaldan azad etdi. 10 noyabr xalqımızın tarixində xüsusi günlərdən birinə çevrildi. Məhz bu gün Ordumuz 44 günlük zəfər yürüşünü qələbə ilə tamamladı. Düşmən diz çökdü və təslim aktına qol çəkdi. Azərbaycan əsgərinin döyüş meydanındakı igidliyi siyasi masada qələbə ilə tamamlandı. Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan azad edildi. Naxçıvanın igid oğulları Vətən savaşında qəhrəmanlıq göstərib öz müqəddəs yollarını Şuşada tamamlayıb " Dəmir yumruğ"un bir parçası olublar.
Qeyd edək ki, aksiya çərçivəsində 500 - ə yaxın ərik və gilas tingi əkilib.