Babək Rayonunda 1 İyun Uşaqların Müdafiəsi Günü qeyd edilib.

Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tədbiri giriş nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından danışıb. İcra başçısı qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar. Ölkəmiz möhtəşəm Zəfər qazanıb. Tarixi torpaqlarımız öz sakinlərini qarşılayır. Artıq işğaldan azad olunan torpaqlarımızda xoşbəxt uşaqların səsləri duyulur.
Tədbirdə Babək rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Filiz Salmanova çıxış edərək qazandığı uğurlardan və müasir təhsil imkanlarından danışıb və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Babək rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.