Babək rayonunda "1 İyun – Uşaqların Müdafiəsi Günü" qeyd edilib

Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Babək rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyev abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Babək Rayon Mədəniyyət Sarayında davam etdirilib. Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə Əliyeva və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti milli strategiya səviyyəsinə yüksəlib. Bildirilib ki, bu siyasətin əsas istiqaməti uşaqların keyfiyyətli təhsil və müasir tibbi xidmətlərlə təmin olunması, hərtərəfli qayğı ilə əhatə edilməsi, sağlam sosial və mənəvi mühitdə böyüməsi və layiqli vətəndaş kimi formalaşmasıdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, dövlət siyasətinin əsas məqsədi uşaqların sülh və əmin-amanlıq içində böyüməsidir. Qeyd olunub ki, Azərbaycan bu gün qalib və müstəqil ölkə kimi öz torpaqlarına qovuşub və işğaldan azad edilmiş ərazilərdə artıq uşaqların səsi eşidilir, həyat yenidən canlanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qafar Qənbərov çıxış edərək ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından və onların hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlardan bəhs edib.

Tədbirin bədii hissəsində Babək rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, tam orta məktəblərin şagirdlərinin və körpələr evi–uşaq bağçasının balaca fidanlarının ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri təqdim olunub.