Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 36-cı ili tamam olur. “Ümumxalq Hüzn Günü” ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Babək şəhərində yerləşən Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərin əziz xatirələri ehtiramla yad edilib və gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biridir. 1990-cı ilin yanvarında baş vermiş qanlı hadisələr yalnız bir faciə deyil, eyni zamanda xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin şərəfli səhifəsidir. Həmin günlərdə öz vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev xalqla həmrəylik nümayiş etdirərək 20 Yanvar hadisələrinin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd hesab edib və bu qanlı hadisəyə ilk siyasi-hüquqi qiyməti vermişdir.