
Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun davamlı inkişafı və statistikasının dəqiq aparılması məqsədilə 2025-ci ilin 15 iyul – 15 avqust tarixlərində ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu çərçivədə Babək rayonunda da geniş maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə aidiyyəti qurumların rəhbərləri, rayon icra strukturlarının nümayəndələri, sahə üzrə mütəxəssislər və siyahıyaalmanı həyata keçirəcək şəxslər iştirak ediblər.
İlk olaraq çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev kənd təsərrüfatı siyahıyaalmasının əhəmiyyəti və onun dövlət siyasətində tutduğu yer barədə geniş məlumat verib. O, bildirib ki, bu proses kənd təsərrüfatı sahəsində real vəziyyətin obyektiv qiymətləndirilməsi, eləcə də gələcək proqramların düzgün istiqamətləndirilməsi baxımından olduqca önəmlidir.
Daha sonra çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emin Məmmədxanlı qeyd edib ki, Babək rayonu Muxtar Respublikanın ikinci ən böyük rayonu olmasına baxmayaraq, kənd təsərrüfatının bir çox sahələrində lider mövqedədir. O vurğulayıb ki, siyahıyaalma prosesində şəffaflıq, dəqiqlik və operativlik əsas prinsiplər olmalıdır və bunun üçün rayonun bütün inzibati ərazi dairələrinin nümayəndələri üzərlərinə düşən vəzifələri tam məsuliyyətlə yerinə yetirməlidirlər.
Tədbirin son çıxışçısı, Babək Rayon Statistika İdarəsinin rəisi Asim Zeynalov isə siyahıyaalma prosesində birbaşa iştirak edəcək şəxslərə təlim keçib. O, texniki mərhələlər, istifadə ediləcək planşetlər və elektron informasiya sistemində məlumatların qeydiyyatı ilə bağlı praktik izahlar verib, sualları cavablandırıb.
Siyahıyaalma müddəti: 15 iyul – 15 avqust 2025
Əhatə dairəsi: Babək rayonunun bütün şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |