Babək rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib

İyulun 17-də Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar əsasında nəşr olunmuş kitabın I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edənlər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, bu nəşr yalnız tarixə deyil, gələcəyə ünvanlanmış çağırışdır. O, qeyd edib ki, Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar dövlətimizin siyasi iradəsinin bariz göstəricisidir. Kitabda yer alan sənədlər, fotoşəkillər və faktlar Qərbi Azərbaycandakı mədəni irsimizə qarşı törədilən vandalizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kitabın tarixi yaddaşın qorunmasında və akademik araşdırmalara əsaslı töhfə verməsindəki rolunu vurğulayıb. O qeyd edib ki, bu kimi əsərlər gələcək nəsillərə ötürüləcək həqiqətlər üçün mühüm mənbədir.

Natiqlər ümumilikdə bu təşəbbüsün Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın mühüm tərkib hissəsi olduğunu bildirərək, həmin konsepsiyanın yalnız tarixi ədalətin bərpasına deyil, həm də dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına xidmət etdiyini vurğulayıblar.

Bu təqdimat həm də bir daha sübut edir ki, xalqımız tarixini, kökünü və mədəni irsini unutmur və bu həqiqətlərin unudulmasına da heç vaxt imkan verməyəcək.