Babək rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.

Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli həmrəylik və birlik rəmzi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti bu gün güclü və müstəqil şəkildə inkişaf edirsə, bu, qəhrəman şəhidlərin və fədakar qazilərin sayəsində mümkün olub. İcra başçısı əlavə edib ki, tarixi Zəfər və bərpa olunmuş dövlət suverenliyi xalq, lider və ordu birliyinin əyani nəticəsidir. O vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və göstərdiyi diqqət sayəsində şəhid və qazi ailələrinə davamlı qayğı göstərilir, bu cür tədbirlər isə milli həmrəyliyi möhkəmləndirir.

Şəhid Ümid Novruzlunun həyat yoldaşı Gülay Novruzlu isə çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, bu cür tədbirlərin onların mənəvi dayağının möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Bayram tədbiri şən və səmimi atmosferdə davam edib. Uşaqlar üçün müxtəlif əyləncə proqramları və Yeni il şənlikləri təşkil olunub, balacaların sevinc dolu anları tədbirə xüsusi rəng qatıb. Şəhid və qazi ailələri üçün yaradılan isti və doğma mühit iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

Tədbir şəhidlərin əziz xatirəsinə dərin ehtiramın, qazilərə və onların ailələrinə göstərilən yüksək diqqət və qayğının, eləcə də milli həmrəyliyin bariz nümunəsi kimi yadda qalıb.