Fevralın 26-da Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi çərçivəsində Babək Rayon Mədəniyyət Sarayında təşkil olunmuş “Xocalı notları” adlı əl işləri sərgisinə baxış keçirilib. Sərgidə faciənin ağrı-acısını, xalqımızın kədərini və eyni zamanda sarsılmaz iradəsini əks etdirən əsərlər nümayiş etdirilib.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, bu qanlı faciəyə ilk dəfə Ümummilli Lider tərəfindən siyasi qiymət verilib, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb və bu siyasət bu gün də uğurla davam etdirilir.
Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın dəmir birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin qisası döyüş meydanında alınıb və tarixi ədalət bərpa olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rauf Cəfərov Xocalı soyqırımının beynəlxalq hüquq baxımından qiymətləndirilməsinin vacibliyini qeyd edib, faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov isə Xocalı hadisələrinin tarixi kökləri və siyasi mahiyyəti barədə qısa məlumat verərək, bu faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.