Babək rayonunda yeni işə başlayan gənc müəllimlərlə növbəti görüş keçirilib

Babək rayonunda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq işə başlayan gənc müəllimlərlə növbəti görüş təşkil olunub. Görüşdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov və Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.

Tədbirdə çıxış edənlər gənc müəllimləri təbrik edərək onların təhsil sisteminə yeni nəfəs gətirəcəyini vurğulayıb, peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, müəllim peşəsi cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır və gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Görüş zamanı həmçinin Babək rayon ümumtəhsil məktəblərinin məzunlarının buraxılış və ali məktəblərə qəbul imtahanlarında ötən tədris ilində, eləcə də son üç ildə göstərdikləri nəticələr geniş müzakirə olunub. Təhsil göstəricilərinin yüksəldilməsi, məktəblərarası təcrübə mübadiləsi və yeni tədris metodlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda gənc müəllimlər qarşıdakı fəaliyyət planları, təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüblər.