Babək şəhərində “Sağlam məhəllə” layihəsinin açılışı olub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində fevralın 6-da Naxçıvan Muxtar Respublikasının Babək şəhərində yaradılmış “Sağlam məhəllə” istifadəyə verilib. Layihə eyni zamanda Culfa və Şahbuz şəhərlərini də əhatə edir.
Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, həmçinin müvafiq rayonların icra hakimiyyəti rəhbərləri iştirak ediblər.
Babək şəhərində yaradılan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat masaları, eləcə də müxtəlif trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularından istifadə edən uşaqlarla söhbət edib, onların fiziki aktivliyinin artırılmasının vacibliyini vurğulayıb.
“Sağlam məhəllə” layihəsi əhalinin, xüsusilə də gənclərin və uşaqların sağlam həyat tərzinə təşviq olunmasına, asudə vaxtın səmərəli təşkili və kütləvi idmanın inkişafına xidmət edir.