Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə ölkənin dağ-mədən və metallurgiya sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivləri, mineral xammal ehtiyatlarından daha səmərəli istifadə, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, istehsal və emal imkanlarının artırılması ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkədə yeni və müasir sənaye istiqamətinin formalaşdırılması, beş mindən çox daimi iş yerinin yaradılması, təbii resurslardan səmərəli istifadə olunması və tam istehsal zəncirinin qurulması nəzərdə tutulur.
Dövlət Proqramının əsas məqsədlərindən biri mineral xammalın yalnız hasil olunması deyil, onun ölkə daxilində daha geniş emal edilməsi və yüksək əlavə dəyərli məhsulların istehsalının artırılmasıdır. Bu istiqamətdə dəmir filizi, alüminium, mis və qızıl əsas sahələr kimi müəyyənləşdirilib. Bununla yanaşı, yeni yataqların aşkar edilməsi, mövcud ehtiyatların müasir geoloji üsullarla dəqiqləşdirilməsi və iqtisadi cəhətdən səmərəli yataqların mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalınadək dəyər zəncirinin ölkə daxilində qurulmasına xüsusi diqqət yetiriləcək. Məqsəd mineral resurslardan daha yüksək iqtisadi dəyər yaratmaq, yerli istehsal imkanlarını genişləndirmək və ixrac potensialını artırmaqdır.
Müşavirədə təqdim olunan məlumatlara əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu hədəflərin reallaşdırılması üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır.
Dövlət Proqramında “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, “Daşkəsən”, eləcə də digər perspektivli yataqların inkişafı, qızıl, mis və digər metallar üzrə hasilat və emal imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, alüminium istehsalının artırılması, yeni istehsal güclərinin yaradılması və daha yüksək əlavə dəyərli məhsulların istehsalına keçid qarşıya qoyulan əsas hədəflər sırasındadır.
Proqramda dövlət müəssisələri ilə yanaşı, özəl sektorun və investorların da iştirakı nəzərdə tutulur. Ümumi investisiya ehtiyacının təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır. Bununla yanaşı, hüquqi və institusional bazanın müasirləşdirilməsi, sənaye və nəqliyyat infrastrukturunun inkişafı, uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi və təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi də əsas istiqamətlərdəndir.
Dövlət Proqramının icrası nəticəsində yeni istehsal və emal sahələrinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun və iqtisadi fəallığın artırılması, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanların formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda, ixtisaslı kadrlara tələbatın artması, texniki bilik və bacarıqların inkişafı və yeni sənaye zəncirlərinin formalaşması gözlənilir.