Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Gülşənabad kəndində növbəti səyyar qəbul keçirib. Görüşdə RİH aparatının məsul əməkdaşları, eləcə də yerli idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib, səsləndirilən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Qəbul zamanı kəndin sosial-iqtisadi vəziyyəti, infrastruktur və məişət problemləri müzakirə olunub, bir sıra təkliflər dəyərləndirilib. Rayon rəhbəri sakinlərin fikirlərini diqqətlə dinləyərək, qaldırılan hər bir məsələnin mərhələli şəkildə həlli istiqamətində konkret addımlar atılacağını bildirib.
İcra başçısı Ovni Muradov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək, insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Bu baxımdan səyyar görüşlər əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli üçün mühüm platforma rolunu oynayır.
Kənd sakinləri dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, həyata keçirilən sosial yönümlü siyasətin gündəlik həyatlarında müsbət nəticələr verdiyini vurğulayıblar.
Belə görüşlər vətəndaşla dövlət arasında birbaşa ünsiyyətin möhkəmlənməsinə, bölgələrdə sosial rifahın yüksəlməsinə mühüm töhfə verir.