Hacıvar kəndində yeni məktəb binası istifadəyə verilib

Yanvarın 30-da Babək rayonunun Hacıvar kəndində yeni məktəb binasının açılışı olub.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov iştirak ediblər.
Baş nazirin birinci müavini Elşad Əliyev məktəbin pedaqoji kollektivi ilə görüşdə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində təhsilin inkişafı prioritet istiqamətlərdən biridir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sisteminin müasir dövrün tələblərinə uyğun inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə ardıcıl dövlət proqramları həyata keçirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, pedaqoji heyətin peşəkarlığının artırılması və rəqəmsal təhsil texnologiyalarının tətbiqini nəzərdə tutan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası da uğurla davam etdirilir.
Bu tədbirlər muxtar respublikada təhsilin keyfiyyətinin və qəbul göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərir.Elşad Əliyev son illər əldə etdiyi yüksək nəticələrə görə Hacıvar kənd tam orta məktəbinin kollektivini fərqlənən təhsil ocaqlarından biri kimi qiymətləndirib, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə pedaqoji kollektivi təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müəllimlərdən Rəfiqə Sadiqova kollektiv adından çıxış edərək yaradılan müasir şəraitə görə minnətdarlığını bildirib, bu imkanlardan səmərəli istifadə edərək təhsil göstəricilərini daha da yüksəldəcəklərini qeyd edib.Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil ictimaiyyəti ilə görüşlərini və bu sahədə həyata keçirilən islahatları əks etdirən fotoguşələr yaradılıb.
Qeyd olunub ki, Hacıvar kənd tam orta məktəbinin yeni binası 456 şagird yerlikdir. İki mərtəbədən ibarət bina 3 əsas və 1 köməkçi korpusdan ibarətdir. Məktəbdə proyektorla təchiz olunmuş 19 sinif otağı, STEAM, hərbi, kimya, biologiya və fizika kabinələri, laboratoriyalar, əmək otaqları, kompüter sinifləri, akt zalı, müəllimlər otağı, kitabxana, bufet və geniş idman zalı fəaliyyət göstərir. Müasir tipli sinif otaqları və laboratoriyalar tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradır.Məktəbin həyətində qazanxana, qapalı su hovuzu və mini futbol meydançası quraşdırılıb. Bina daxili və xarici nəzarət kameraları ilə təmin olunub.
Tədbirin sonunda məktəbin kollektivi ilə xatirə fotosu çəkdirilib.