İlham Əliyev Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə nazirlərin iclaslarında iştirak edib

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Ardınca Dan Yorgensen – Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı çıxış edərək enerji əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüb.

Toplantıya Azərbaycan və Avropa ölkələri daxil olmaqla ümumilikdə 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalarla davam edib.

Məşvərət Şurası çərçivəsində Azərbaycan–Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masasının keçirilməsi də nəzərdə tutulur.

Tədbirin sonunda nazirlərin iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olunacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.