
Münxendə keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə regionda baş verən dəyişikliklər və yeni nəqliyyat bağlantıları müzakirə olunub.
Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, regionda böyük dəyişikliklər müşahidə olunur və bu proses sülh olmadan mümkün olmazdı. O qeyd edib ki, Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələr üzərində iş aparılır, həmçinin Azərbaycanla birlikdə Naxçıvan dəmir yolu üzrə texniki-iqtisadi əsaslandırmanın işə salınması müzakirə edilir. Komissarın sözlərinə görə, Naxçıvanla birlikdə TRIPP layihəsi “əsl oyun dəyişdiricisi” ola bilər.
Paneldə çıxış edən Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti Vanq Huiyao vurğulayıb ki, Çin yeni dəhlizlərin və əlaqələrin genişləndirilməsini dəstəkləyir. O, Bir kəmər, bir yol təşəbbüsü çərçivəsində son 12 ildə 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından artıq sərmayə qoyulduğunu bildirib və bu cür infrastruktur layihələrinin sabitlik və rifah üçün vacib olduğunu qeyd edib.
Panel müzakirələrdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, TRIPP layihəsinin Prezident Trampın adını daşıması həmin dəhlizin bu administrasiya və ondan sonrakılar üçün də əhəmiyyətli olacağını göstərir. Dövlət başçısı qeyd edib ki, əgər bu layihə vacib olmasaydı, Prezident öz adını ona verməzdi və bu, dəhlizin icra olunacağını göstərir.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, artıq altı aydır region sülh şəraitində yaşayır və bağlantılarla dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq üçün yeni imkanlar formalaşır.
![]() |
![]() |