
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlət başçısı bildirib ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir və Azərbaycan bu istiqaməti əsas prioritetlər siyahısına daxil etməlidir.
Qeyd olunub ki, ölkənin əlverişli coğrafi mövqeyi, mövcud nəqliyyat və enerji infrastrukturu, beynəlxalq layihələrin icrasında toplanmış təcrübə rəqəmsal transformasiya üçün mühüm üstünlüklər yaradır. Son 20 ildə Azərbaycanın enerji generasiya gücü iki dəfəyə yaxın artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən güc mövcuddur ki, bu da data mərkəzlərinin yaradılması üçün əsas şərtdir.
Prezident vurğulayıb ki, dövlət qurumları arasında sıx koordinasiya təmin edilməli, qısa müddətdə konkret fəaliyyət planı hazırlanmalıdır. Hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslər müəyyən edilməli, dövlət xidmətləri isə “mygov” üzərindən – vahid mərkəzdən həyata keçirilməlidir.
Müşavirədə kadr hazırlığının gücləndirilməsi, süni intellektin dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində hədəflərin müəyyənləşdirilməsinin vacibliyi də qeyd olunub.
Azərbaycan rəqəmsal transformasiyanı strateji istiqamət kimi müəyyən edərək bu sahədə fəaliyyətin vahid koordinasiya əsasında daha da gücləndirilməsini qarşıya məqsəd qoyur.
![]() |
![]() |
![]() |