
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.
Prezidentin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən yaradılan Memorial Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədinə xidmət edir.
Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılıb.
Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır. Kompleksi dörd tərəfdən əhatə edən monolit quruluş Xocalı sakinlərini qorumağa çalışan rəmzi əlləri ifadə edir. Həyətində əkilən badam ağacları isə həm yazın müjdəçisi, həm də “Xocalıya ədalət!” kampaniyasının rəmzidir.
Ekspozisiya zallarında faciənin tarixi, Ermənistanın işğalçılıq siyasəti, soyqırımının dəhşətləri sənədlər və interaktiv təqdimatlar vasitəsilə nümayiş olunur. “Faciənin siması” instalyasiyası, məhv edilmiş ailələrin taleyi, bir gecədə yarımçıq qalan həyat hekayələri ziyarətçilərə faciənin miqyasını dərindən hiss etdirir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər qətlə yetirilib — onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan olub. 8 ailə tamamilə məhv edilib.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi qalib xalq olaraq yad edilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu.
İşğaldan azad edilmiş Xocalıda ucaldılan bu Memorial milli yaddaşımızın əbədiyyət simvoludur.
#İlhamƏliyev #MehribanƏliyeva #Xocalı #Khojaly #JusticeForKhojaly #HeydərƏliyevFondu #QalibXalq
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
