Məmmədrza Dizə kəndində sakinlərlə səyyar qəbul keçirilib

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Məmmədrza Dizə kəndində səyyar qəbul keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, eləcə də yerli idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbul çərçivəsində kəndin sosial-iqtisadi vəziyyəti, infrastrukturun mövcud durumu və əhalini narahat edən məişət məsələləri geniş müzakirə olunub, səsləndirilən təkliflər diqqətlə dəyərləndirilib. Rayon rəhbəri hər bir müraciətə həssaslıqla yanaşıldığını bildirərək, qaldırılan problemlərin mərhələli şəkildə həlli istiqamətində konkret addımların atılacağını vurğulayıb.

İcra başçısı Ovni Muradov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi və əhalinin rifah halının daha da yüksəldilməsidir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq regionların sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin yaradılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaş müraciətlərinə həssas yanaşma, onların problemlərinin operativ və ədalətli həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan səyyar qəbullar vətəndaşların problemlərinin yerində öyrənilməsi, mövcud çətinliklərin aradan qaldırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məmmədrza Dizə kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirərək, həyata keçirilən sosialyönümlü siyasətin gündəlik həyatlarında müsbət dəyişikliklərə səbəb olduğunu qeyd ediblər.