
17 Noyabr Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda göstərdiyi qətiyyətin, milli azadlıq hərəkatının və dövlətçilik tarixində dönüm nöqtəsi olan hadisələrin simvoludur.
1988-ci ilin noyabrında Bakının Azadlıq Meydanında minlərlə insanın qatıldığı etirazlar xalqımızın milli azadlıq hərəkatının başlanğıcını qoydu və “Meydan hərəkatı” tarixə yazıldı. Bu aksiyalar xalqın öz gələcəyini müəyyən etmək, müstəqil dövlət qurmaq arzularının açıq ifadəsi idi.
Ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər, Dağlıq Qarabağda baş verən separatçı fəaliyyətlər və eyni zamanda yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından zorla çıxarılması xalqın milli hisslərini alovlandırdı. Həmin günlər göstərdi ki, Azərbaycan xalqı azad yaşamağa və müstəqil olmağa tam layiqdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində keçirilən sessiyada “sovet” və “sosialist” sözlərinin adından çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi bərpası milli dirçəlişin mühüm tarixi addımı oldu. Bu qərarlar, həmçinin Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və milli dövlətçiliyin bərpasına verdiyi töhfələr nəticəsində həyata keçirildi və xalqımızın müstəqillik ideyalarının formalaşmasında əsas rol oynadı.
Bu gün Azərbaycan müstəqil, güclü və beynəlxalq aləmdə nüfuzlu dövlətdir. Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz işğaldan azad olunan torpaqlarını geri qaytararaq ərazi bütövlüyünü təmin etdi və 44 günlük Vətən müharibəsində qələbə qazanaraq milli birliyimizi və ordumuzun gücünü bir daha təsdiqlədi.
Milli Dirçəliş Günü bizə xatırladır ki, azadlıq və suverenlik xalqımızın qətiyyəti ilə qorunur, birlik isə ən böyük gücümüzdür.