Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edən Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə səlahiyyətli nümayəndə forumun qarşılıqlı ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətinə diqqət çəkib və Prezident İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqəti vurğulayıb. Bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” icra olunur və növbəti ildən Azad İqtisadi Zona elan ediləcək muxtar respublikada sahibkarlar 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad olunacaqlar.

Ceyhun Cəlilov sülh prosesləri, Zəngəzur dəhlizinin reallaşması və bölgədə yeni logistika və turizm imkanlarının yaradılması istiqamətində atılan addımları diqqətə çatdırıb və türkiyəli iş adamlarını fəal işbirliyinə dəvət edib.

Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan və Ərdahan valisi Hayrettin Çiçek səmimi qəbula görə təşəkkür edib, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər. Qonaqlar Zəngəzur dəhlizinin yalnız Naxçıvanın deyil, Türkiyənin İğdır, Qars, Ağrı və Ərdahan vilayətlərinin də inkişafında mühüm rol oynayacağını qeyd ediblər.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya da iştirak edib. Söhbət zamanı sərhədyanı ticarət, gömrük güzəştləri və digər qarşılıqlı maraqlı məsələlər müzakirə olunub.