Naxçıvanda 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu keçirilib

Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ərdahan, Ərzurum bölgələrinin valilik, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, həmçinin 200-dən çox iş adamı iştirak edib.

Forum çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri qoyulub. Açılış mərasimində Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyev, Mustafa Kamal Atatürk və şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək bildirib ki, forum dövlət başçılarının müəyyən etdiyi kursun davamıdır və Naxçıvan Türk dünyasının strateji mərkəzi kimi yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. O, həmçinin Zəngəzur dəhlizinin regionun gələcək iqtisadi mənzərəsini formalaşdıran əsas layihələrdən biri olduğunu vurğulayıb.

Forumda iştirakçılar iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, sərhədyanı ticarət, sənaye, turizm, kənd təsərrüfatı və logistika sahələrində əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar. İki ölkənin iş adamları arasında “B2B” görüşlər keçirilib və Naxçıvanda fəaliyyət göstərən müəssisələrə səfər təşkil olunub.

Forumun məqsədi Azərbaycan və Türkiyənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, biznes və investisiya imkanlarının diqqətə çatdırılmasıdır.