Naxçıvanda icra hakimiyyətlərinə yeni kommunal təyinatlı texnikalar verilib

Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyəti orqanları müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalarla təchiz olunur.
Naxçıvan şəhər və muxtar respublikanın rayon icra hakimiyyəti orqanları üçün sifariş verilmiş 31 texnika Naxçıvana gətirilib.
Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov sözügedən texnikalara baxış keçirib.
Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kommunal xidmətlərin inkişafı da mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Yerli icra hakimiyyəti orqanlarının təklifləri əsasında yaşayış məntəqələrində təmizlik, yaşıllaşdırma, işıqlandırma və digər kommunal təyinatlı işlərin icrası məqsədilə müxtəlif təyinatlı texnikaların alınması üçün muxtar respublika büdcəsinin investisiya xərcləri və digər mənbələr hesabına ümumilikdə 3 milyon manata qədər vəsait xərclənib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Cənab Prezident tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri yaşayış məntəqələrinin abadlığı və müasir tələblər əsasında inkişafının təmin olunmasıdır.
Buna görə də kommunal xidmətlərin inkişafı dövlətimizin xüsusi diqqətindədir. Dövlət Proqramı əsasında 30-dan çox yeni texnikanın alınıb gətirilməsi də bu məqsədə xidmət edir. Növbəti ildən bu say artırılacaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da yüksəldiləcək.