
Bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında çıxışı zamanı səsləndirib.
Ceyhun Cəlilov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Cari ilin əvvəlindən etibarən 10 il müddətində qüvvədə olmaqla Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq sahibkarlar üçün vergi və gömrük rüsumlarından azadolmalar tətbiq olunub, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasına başlanıb.
Dövlət Proqramı çərçivəsində Naxçıvan Sənaye Parkının yaradılması, yeni istilik elektrik stansiyasının inşası, paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və Naxçıvan şəhərində ictimai nəqliyyatın yaxşılaşdırılması kimi mühüm sosial-iqtisadi layihələr icra olunur. Həmçinin, Möminə-Xatun türbəsinin bərpası və Memar Əcəminin abidəsinin ucaldılması istiqamətində görülən mədəni tədbirlər ölkə rəhbərliyinin Naxçıvanın tarixi-mədəni irsinin qorunmasına göstərdiyi diqqətin nümunəsidir.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, növbəti dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafının əsas prioritetləri cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə — əhaliyə göstərilən dövlət xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, iqtisadi fəallığın artırılması, şəhərlərin simasının müasirləşdirilməsi üçün abadlıq və quruculuq işlərinin davam etdirilməsi və Zəngəzur dəhlizinin muxtar respublika hissəsində infrastruktur quruculuğunda iştirak olunması olacaq.