Bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Babək rayonunda hər il olduğu kimi bu il də böyük coşqu ilə qarşılanıb. Baharın gəlişi insanlarda yenilənmə ruhu yaradaraq, onları qurub-yaratmağa, gələcəyə daha böyük ümidlə baxmağa ruhlandırıb.
Babək şəhərinin mərkəzi meydanında keçirilən ümumxalq şənliyində Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən aparıcılar bayram münasibətilə rayon sakinlərini təbrik edərək Novruzun xalqımızın milli-mənəvi dəyərlərini yaşadan ən əziz bayramlardan biri olduğunu vurğulayıblar.
Şənlikdə Novruzu tərənnüm edən mahnılar səsləndirilib, xalq və aşıq havaları ifa olunub. Bayramın əsas obrazları olan Kosa, Keçəl və Bahar qızın maraqlı çıxışları iştirakçılara xoş anlar yaşadıb, məktəblilərin hazırladıqları rəqslər alqışlarla qarşılanıb.
Sonda meydanda Novruz tonqalı alovlandırılıb, bayram şənliyi yüksək əhval-ruhiyyə ilə davam edib.