
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq rekord göstəriciyə imza atıblar. Bu nəticələr ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini və həyata keçirilən dövlət proqramlarının real bəhrə verdiyini bir daha təsdiqləyir.
Prezident qeyd edib ki, Azərbaycanda idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək standartlara cavab verir. Bölgələrdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Gəncə və Yevlax şəhərlərində yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatıb.
Çıxışda sağlam gənc nəslin formalaşdırılmasının ölkənin gələcək inkişafı üçün həlledici amil olduğu xüsusi vurğulanıb. Prezident İlham Əliyev gənclərin həm fiziki, həm də mənəvi baxımdan sağlam, vətənpərvər ruhda yetişdirilməsində idmanın mühüm rol oynadığını bildirib.
Dövlətimizin başçısı idmançılarımızın beynəlxalq arenalarda Azərbaycan Bayrağını qürurla dalğalandırmasının hər bir vətəndaş üçün fəxarət mənbəyi olduğunu qeyd edib və vurğulayıb ki, idmançılar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizdə keçirilmiş mühüm beynəlxalq yarışlardan, xüsusilə MDB ölkələrinin III Oyunlarının, Formula 1, UFC turniri və gələcəkdə Qusarda keçiriləcək Xizək üzrə Dünya Kubokunun Azərbaycanın idman potensialının və beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirib.
Çıxışın sonunda Prezident Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini ölkəmizdə idmana verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib və bu adı layiqincə daşıyacağımıza əminliyini ifadə edib.
![]() |
![]() |
![]() |
![]() |
