Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib

Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılışında iştirak edərək media nümayəndələrinin suallarını cavablandırıb və ölkənin xarici siyasəti, regional əməkdaşlıq, nəqliyyat və enerji layihələri, Qarabağın bərpası, Azərbaycan-Ermənistan münasibətləri, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə dair fikirlərini bölüşüb.

Dövlət başçısı bildirib ki, Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsi qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olub. O qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq əməkdaşlıq platformalarının formalaşmasına mühüm töhfələr verib, enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması isə Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyev forumun keçirilməsinin əsas məqsədinin dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri ilə aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaq, onları Qarabağ və Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış etmək olduğunu bildirib.

Dövlət başçısı çıxışında Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə də toxunaraq, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılmasını ölkəmizə qarşı ədalətsiz münasibətin göstəricisi kimi qiymətləndirib və Azərbaycanın Avropa Şurası ilə gələcək əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev ABŞ Konqresinin vaxtilə qəbul etdiyi "907-ci düzəliş"in siyasi motivli və ədalətsiz qərar olduğunu vurğulayaraq bildirib ki, hazırkı regional reallıqlar fonunda həmin düzəliş öz aktuallığını tamamilə itirib. O qeyd edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu 13–14 iyul tarixlərində keçirilir. Forumda müxtəlif ölkələrdən media nümayəndələri, ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edirlər.