Prezident İlham Əliyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yeni strukturu təsdiq olunub, nümayəndəliyin işçilərinin say həddi isə 55 ştat vahidi müəyyən edilib. Həmçinin Nazirlər Kabinetinə Prezidentin əvvəlki aktlarının yeni Fərmana uyğunlaşdırılması və sənəddən irəli gələn digər məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.

Sənəddə nümayəndəliyin hüquqi statusu, fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri daha da genişləndirilib. Yeni dəyişikliklərə əsasən, nümayəndəlik Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Konstitusiya və qanunvericilikdən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edən birinci kateqoriya dövlət orqanı kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, nümayəndəliyin müstəqil balansı, dövlət əmlakı, xəzinə və bank hesabları, eləcə də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi ilə bağlı müddəalar da təsbit olunub.

Fərmanla nümayəndəliyin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir. Belə ki, nümayəndəlik Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətlərinin həyata keçirilməsini təmin etməklə yanaşı, Ali Məclisin fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsələlər üzrə təkliflərin hazırlanması, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, rəhbər vəzifələrə təyinatlarla bağlı razılıq verilməsi, dövlət proqramlarının və investisiya layihələrinin hazırlanması və icrasına nəzarət, sosial-iqtisadi inkişafın əlaqələndirilməsi kimi mühüm funksiyaları da həyata keçirəcək.

Dəyişikliklərə əsasən, nümayəndəliyin fəaliyyətində şəffaflığın artırılması məqsədilə rəsmi internet informasiya ehtiyatının yaradılması, ictimai məlumatların mütəmadi açıqlanması, vətəndaş müraciətlərinə qanunvericiliyə uyğun baxılması, büdcə vəsaitlərindən səmərəli istifadə olunması, dövlət–özəl tərəfdaşlığının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də əsas fəaliyyət istiqamətləri sırasında yer alıb.

Fərmanla səlahiyyətli nümayəndənin hüquq və vəzifələri də yenidən müəyyənləşdirilib. Nümayəndə nümayəndəliyin fəaliyyətinə rəhbərlik edəcək, Azərbaycan Respublikasının Prezidentinə hesabat verəcək, strukturun təşkili, kadr məsələləri, maliyyə vəsaitlərinin idarə olunması, əmrlərin verilməsi və digər təşkilati məsələləri həyata keçirəcək.

Qeyd edək ki, Fərmana əsasən, sənəd 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.