Prezident İlham Əliyev: Naxçıvanın sürətli və hərtərəfli inkişafı davam etdiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibədə dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi inkişafı, təhlükəsizliyi, enerji potensialı, nəqliyyat imkanları, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və qarşıdakı dövr üçün nəzərdə tutulan strateji hədəflər barədə ətraflı danışıb.

Prezident İlham Əliyev Naxçıvana Prezident kimi 17-ci dəfə səfər etdiyini bildirərək ötən illər ərzində muxtar respublikanın inkişafının təmin olunması istiqamətində bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı səfər çərçivəsində keçirilən tədbirlərin görülən işlərin davamı olduğunu qeyd edərək bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini bildirib.

Müsahibədə Naxçıvanın təhlükəsizliyinin daim prioritet istiqamətlərdən biri olduğu xüsusi qeyd edilib. Bununla yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, mövcud generasiya imkanlarının genişləndirilməsi və bərpaolunan enerji potensialından daha səmərəli istifadə olunması qarşıdakı dövrün mühüm istiqamətləri sırasında göstərilib. Prezident Naxçıvanın Günəş və su enerjisi baxımından böyük imkanlara malik olduğunu, gələcəkdə muxtar respublikanın enerji ixrac edən bölgəyə çevrilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı Naxçıvanın iqtisadi inkişafında yeni istehsal sahələrinin yaradılmasının və məşğulluğun artırılmasının da mühüm yer tutduğunu bildirib. Müasir sənaye komplekslərinin yaradılması, sahibkarlıq və investisiya imkanlarının genişləndirilməsi regionda iqtisadi fəallığın daha da yüksəldilməsinə xidmət edəcək.

Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın gələcək nəqliyyat imkanlarına da geniş yer ayrılıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması, dəmir yolu infrastrukturunun yenidən qurulması və Zəngəzur dəhlizinin fəaliyyəti muxtar respublikanın gələcək inkişafı baxımından mühüm amillər kimi qiymətləndirilib. Bildirilib ki, yeni nəqliyyat imkanları Naxçıvanda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaranmasına və regionun mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.

Müsahibədə sosial infrastrukturun inkişafı, şəhər və kənd yollarının yenilənməsi, müasir ictimai nəqliyyat sisteminin yaradılması, suvarma imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən də bəhs olunub. Eyni zamanda, Naxçıvanın zəngin turizm imkanlarının daha geniş şəkildə reallaşdırılması, müasir turizm infrastrukturunun yaradılması qarşıdakı dövrün əsas istiqamətlərindən biri kimi göstərilib.

Prezident İlham Əliyev Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. Dövlətimizin başçısı sosial-iqtisadi və enerji sahəsində həyata keçirilən layihələrlə yanaşı, bütün görülən işlərin təməlində milli kimliyimizin, tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin dayandığını bildirib.

Dövlətimizin başçısı Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu yanaşma müasir infrastrukturun yaradılması, yaşıl enerji imkanlarının genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və insanların rahat, təhlükəsiz və firavan yaşayışının təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirir.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın gələcək inkişafı geniş və uzunmüddətli strateji baxış üzərində qurulur. İqtisadiyyatdan energetikaya, nəqliyyatdan kənd təsərrüfatına, sosial sahədən turizm və mədəni irsin qorunmasına qədər müəyyənləşdirilən hədəflər muxtar respublikanın hərtərəfli inkişafının daha da sürətlənməsinə xidmət edəcək.