Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Müsahibədə Azərbaycan ilə Vyetnam arasında uzun illərə söykənən dostluq münasibətləri, siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, humanitar əlaqələr və qarşıdakı rəsmi səfərin əhəmiyyəti barədə geniş fikirlər səsləndirilib.
Dövlət başçısı iki ölkə arasındakı münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu qeyd edərək, bu dostluğun əsasının 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulduğunu vurğulayıb. Həmçinin Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin münasibətlərdə yeni mərhələ açdığını bildirib. Həmin səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Müsahibədə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Energetika, neft-qaz sənayesi, investisiya, kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika sahələri əməkdaşlığın perspektivli istiqamətləri kimi göstərilib. SOCAR ilə PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi, eləcə də Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı bu tərəfdaşlığın praktiki nəticələri kimi diqqətə çatdırılıb.
Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyinin Vyetnamla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daşınması, tranzit imkanlarının genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması perspektivləri qeyd olunub. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olduğu bildirilib.
Müsahibədə humanitar, təhsil və mədəni əlaqələr də geniş yer alıb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrin, o cümlədən təhsil və infrastruktur təşəbbüslərinin əhəmiyyətini vurğulayıb. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, universitetlər arasında əməkdaşlıq, təhsil qrantları, Ho Şi Minin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Memorial otağının açılması və qarşılıqlı mədəni tədbirlər iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət edən mühüm addımlar kimi qeyd olunub.
Azərbaycanın Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi maliyyə yardımı da ölkələr arasında dostluq və qarşılıqlı dəstəyin nümunəsi kimi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev qarşıdakı Vyetnam səfərinin ikitərəfli münasibətlərin daha da inkişafına, yeni bazarlara çıxışa, birgə layihələrin həyata keçirilməsinə və biznes-investisiya imkanlarının genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısının müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf istiqamətlərini əks etdirir. Bu əlaqələr qarşılıqlı hörmət, dostluq və ortaq maraqlar əsasında daha da möhkəmlənməkdədir.