Qəhrəman Leytenant İbrahim Vəlizadənin xatirəsi ehtiramla anılıb

Babək rayonunun Yarımca kəndində Vətən müharibəsi şəhidi, leytenant İbrahim Malik oğlu Vəlizadənin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bildirib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının milli iradəsini, yenilməz ruhunu və Vətən sevgisini təcəssüm etdirir:
“Vətən uğrunda canından keçən hər bir igidimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların şərəfli yolu Babək gəncliyinə daim örnək olacaq, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.”
Ovni Muradov vurğulayıb ki, dövlətimiz şəhid ailələrinin sosial müdafiəsini daim diqqətdə saxlayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək qayğı bu istiqamətdə aparılan siyasətin davamlı və səmimi olduğunu göstərir.
Leytenant İbrahim Vəlizadənin döyüş yolundan danışılaraq bildirilib ki, o, müharibə zamanı yaralanmış döyüş yoldaşını təhlükəsiz yerə çıxararkən böyük igidlik göstərmiş, oktyabrın 6-da iki dəfə snayper atəşinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Leytenant İbrahim Malik oğlu Vəlizadə 2 aprel 1997-ci ildə Babək rayonunun Yarımca kəndində anadan olmuşdur. Ailədə iki qardaş olan İbrahim 2003–2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011–2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.
Şəhadətindən sonra o, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid İbrahim Vəlizadədən geriyə Fərid adlı oğlu qalıb. O, atasının şərəfli adını daşıyacaq, xalqımız isə İbrahimi əbədi qəhrəman kimi xatırlayacaqdır.