Qəhrəman Leytenant Rəhman Əjdərovun xatirəsi ehtiramla anılıb

Babək rayonunun Kalbaorucdizə kəndində Vətən müharibəsi şəhidi, Leytenant Rəhman Rasim oğlu Əjdərovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmur:

“Şəhidlərimizin hər biri xalqımızın milli ruhunun, Vətən sevgisinin və yenilməz iradəsinin simvoludur. Onların keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir.”

İcra başçısı həmçinin qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin ən ali dəyərlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinin daim qayğı ilə əhatə olunması bu siyasətin ardıcıl və səmimi şəkildə davam etdiyini göstərir.

Tədbirdə çıxış edənlər şəhid Rəhman Əjdərovun döyüş yolundan, cəsarətindən və yüksək vətənpərvərlik hisslərindən danışıblar. Onun fədakarlığı, nizam-intizamı və Vətənə sadiqliyi Babək gəncləri üçün örnək kimi dəyərləndirilib.

Rəhman Əjdərov 14 may 1997-ci il tarixində Babək rayonunun Kalbaorucdizə kəndində anadan olub. Ailədə iki qardaşdan biri olan Rəhman 2003–2012-ci illərdə Qaraqala kənd tam orta məktəbində təhsil alıb. 2012–2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı cəbhədə yüksək peşəkarlıq və igidlik göstərən Rəhman Əjdərov 2020-ci il noyabrın 1-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə Leytenant Rəhman Əjdərov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.