Babək şəhərində Vətən müharibəsi şəhidi, leytenant Şükür Bayram oğlu Hacıyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xalqımızın qüruru olduğunu vurğulayaraq bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igidlərin xatirəsi daim uca tutulur:“Şəhidlərimizin qəhrəmanlığı milli ruhumuzun ən parlaq təcəssümüdür. Onlar Vətən sevgisinin, mərdliyin və fədakarlığın rəmzləridir. Gənclərimiz bu igidlərin həyat yolundan nümunə götürməli, Vətənə sədaqət və məsuliyyət hissi ilə xidmət etməlidirlər.”
Çıxış edən digər natiqlər də şəhid Şükür Hacıyevin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və yüksək vətənpərvərlik nümunəsi haqqında məlumat veriblər. Onun mübarizliyi, peşəkarlığı və Vətənə sonsuz sədaqəti Babək gəncləri üçün örnək kimi dəyərləndirilib.
Şəhid Şükür Bayram oğlu Hacıyev 25 avqust 1999-cu ildə Babək qəsəbəsində anadan olmuşdur. Ailədə iki qardaş olan Şükür 2005–2013-cü illərdə Babək qəsəbə tam orta məktəbində, 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. O, hərb sənətinə böyük məsuliyyət və peşəkarlıqla yanaşan bir gənc kimi tanınıb.Vətən müharibəsində yüksək qəhrəmanlıq göstərən leytenant Şükür Hacıyev 6 oktyabr tarixində Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Ölümündən sonra ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.