Babək rayonunun Nehrəm qəsəbəsində Vətən müharibəsi şəhidi, leytenant Ümüd Oruc oğlu Niftəliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bildirib ki, Vətən uğrunda canından keçən hər bir qəhrəman Azərbaycan xalqının qəlbində əbədi yaşayır. O vurğulayıb:
“Şəhidlərimizin adı bizim milli yaddaşımızın sütunudur. Onlar azadlıq və dövlətçilik uğrunda göstərdikləri qətiyyətlə gələcək nəsillərə şərəfli bir yol göstəriblər. Gənclərimiz hər bir şəhidimizin həyat yolunda vətənpərvərliyin ən saf nümunəsini görür”.
İcra başçısı əlavə edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətin ən mühüm və dəyişməz prinsiplərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə daim xüsusi həssaslıqla yanaşılması bu siyasətin ardıcıl və səmimi xarakter daşıdığını bir daha sübut edir.
Tədbirdə çıxış edənlər Ümüd Niftəliyevin döyüş yolundan, göstərdiyi igidlikdən və Vətənə sədaqətindən danışıblar. Onun cəsarəti və fədakarlığı Babək rayonunun gəncləri üçün örnək kimi qiymətləndirilib.
Ümüd Niftəliyev 20 oktyabr 1998-ci il tarixdə Babək rayonunun Nehrəm kəndində anadan olub. Ailədə 1 bacı və 2 qardaş arasında böyüyən Ümüd 2006–2015-ci illərdə Araz kənd ümumi orta məktəbində təhsil almış, daha sonra 2015–2017-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir.
2017–2021-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Leytenant rütbəsini almışdır. 44 günlük Vətən Müharibəsində iştirak edən Ümüd Niftəliyev döyüşlərdə böyük şücaət göstərmiş, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur.
Ümüd Niftəliyev 2021-ci il noyabrın 16-da Laçın rayonu istiqamətində keçirilən əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “3-cü dərəcəli Rəşadət” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.